Şəkidə baş verən avtobus qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib

Şəkidə yol qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib, onlardan ikisi tələbədir.
 

Şəki Mərkəzi Rayon Xəstəxamasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar Şəki şəhər sakinləri 1987-ci il təvəllüdlü Seymur Şahid oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Ruslan Aydın oğlu Hacıyev, 1998-ci il təvəllüdlü Elçin Qurban oğlu Qəribov və Ağdaş rayon sakini 1979-cu il təvəllüdlü Anar Rəfayıl oğlu Baxışovdur.

Yaralılardan Ruslan Hacıyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə, Anar Baxışov isə cərrahiyə şöbəsinə yerləşdirilib. Elçin Qəribovun və Seymur Məmmədovun vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən  sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Yaralılardan Ruslan Hacıyev və Elçin Qəribov Mingəçevirdə fəaliyyət göstərən ali təhsil məktəblərinin birinin tələbələridir. Qəza baş verən zaman xəstəxanaya daxil olan yaralıların hamısı  Şəki-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusunda olublar.

Qəza zamanı avtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.