Azərbaycan Tbilisidə keçirilən Vəkillərin Beynəlxalq Konfransında təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Vəkillərin Beynəlxalq Konfransı keçirilir.

Tədbir Avropa Şurası, Avropa Vəkilləri Assosiasiyası, və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən təşkil olunub.

Beynəlxalq konfransda Gürcüstanla yanaşı, Azərbaycan, Polşa, Belarus, Ermənistan, Rusiya və Ukraynanın vəkillər kollegiyalarının üzvləri iştirak edirlər.

Azərbaycanı toplantıda Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Fariz Məmmədov təmsil edirlər.

İkigünlük tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrin vəkillər assosiasiyaları arasında əlaqələrin inkişaf etdirilməsi və vəkillik sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Konfransda çıxış edən Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani tədbir iştirakçılarını ölkədə qeyd olunan Vəkillər günü münasibətilə təbrik edib. O deyib ki, son illər Gürcüstanda vəkillərin peşəkarlıq səviyyəsi artır: “Gürcüstanda vəkillərin yalnız 2 faizi hakim ola bilir. Bu, çox kiçik göstəricidir. Kollegiya tərəfindən vəkillərin peşəkarlığının daha da artırılması istiqamətində işlər aparılır”.

Daha sonra çıxış edən Avropa Vəkilləri Assosiasiyasının sədri Mariya Slazak konfransda iştirak edən və müxtəlif ölkələri təmsil edən vəkilləri təşkilatla sıx əməkdaşlıq etməyə çağırıb. O qeyd edib ki, Assosiasiyaya Avropa Şurasına üzv olan bütün ölkələrin vəkilləri təmsil oluna bilərlər.

Konfrans müxtəlif mövzulara həsr olunmuş panellərlə davam etdirilir.