Azərbaycan vətəndaşı “Coca-Cola”nın direktorunu necə öldürdüyünü dedi
“Coca-Cola” şirkətinin Sankt-Peterburqdakı zavodunun direktoru Dmitri Soşnevi öldürməkdə şübhəli bilinən qatilə qarşı rəsmən ittiham irəli sürülüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq regional idarəsindən məlumat verilib.
Xəbərdə deyilir ki, qətli törətmək şübhəsi ilə saxlanan Vyaçeslav Finogenova dekabrın 9-da, Azərbaycan vətəndaşı olan Denis Çxitauriyə isə dekabrın 10-da ittiham irəli sürülüb. Hər iki şəxs ittihamla razılaşaraq iş adamının qətlindəki iştiraklarını etiraf ediblər.
28 yaşlı D.Çxitauri və 46 yaşlı V.Finogenov saxlandıqdan sonra mərhumun meyitini və silahı gizlətdikləri qarajı nişan veriblər. Faktla bağlı istintaq davam edir.
D.Çxitauri və V.Finogenov dekabrın 3-də həbs ediliblər. Qətlin hansı zəmində törədildiyi də məlum olub. Xəbərə görə, Soşnev uzun müddətdir narkotik asılılığından əziyyət çəkirmiş, narkotik maddəni isə müntəzəm olaraq Çxitauri və Finogenovdan alırmış.
Biznesmen noyabrın 28-də növbəti partiyanı almaq üçün narkodilerlərlə görüşə gedəndə onlar imkanlı müştərini qətlə yetirməyi və pullarını ələ keçirməyi düşünüblər. Bu zaman Soşnevlə narkodilerlər arasında dava olub. Amerika şirkətinin top-meneceri əldəqayırma odlu silahdan açılan atəşlə öldürülüb. Cinayətkarlar onun cibindəki və portfelindəki pulları alıblar. Bundan sonra biznesmenin cəsədini gizlədib və hadisə yerindən qaçıblar.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, Soşnev çoxdandır həmin narkodilerlərin müştərisi olub. Lakin narkodilerlər onun imkanlı olduğunu bilsələr də harada işlədiyindən xəbərsiz olublar.
D.Soşnevin yoxa çıxmasından sonra onun anası hüquq-mühafizə orqanlarına məlumat verib. Bildirib ki, oğlunun üstündə iri məbləğdə pul olub.
Məlumata görə, top-meneceri güllələyən Finogenovdur. O və cinayət ortağı Çxitauri Soşnevin cibindən 150 min rubl pulu və “BMW” markalı avtomobilini götürüblər. Sonradan maşını 1 milyon rubla satmağa cəhd ediblər.