Tbilisidə Azərbaycan və Gürcüstanın tranzit potensialına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bu gün Tbilisidə (Gürcüstan) "Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018" adlı V beynəlxalq konfrans işə başlayıb. 

2 günlük tədbirdə Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Çin və Mərkəzi Asiyadan Avropaya yük daşınmaları və tarif siyasəti, həmçinin Azərbaycan və Gürcüstanın tranzit potensialı müzakirə olunacaq.

Konfransda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrini təmsil edən neft və nəqliyyat-loqistika şirkətləri, neft emalı zavodları və terminalları, yanacaq və yük tədarükçülərini təmsil edən nümayəndələr iştirak edirlər.

Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları"QSC-nin (ADY) törəmə şirkəti - "ADY Express" MMC-nin Strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev, "Abşeron" Loqistika Mərkəzinin direktoru Ziya Ağayev və şirkət nümayəndələri təmsil edirlər.