Gürcüstan 'Şahdəniz 2'ni seçir

Azərbaycanda 24-cü Beynəlxalq Neft və Qaz sərgisi keçirilir.

Gürcüstanın baş nazirinin müşaviri Giorgi Vaşkamadze də sərgiyə qatılmaq üçün Bakıya yollanıb

O, Azərbaycan və Gürcüstan arasında tarixi əməkdaşlığın olduğunu, və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb:

“Biz öz mövqeyimizi körpü kimi istifadə etməliyik. Hamı Avropaya qaz satmaq istəyir. "Şahdəniz 2" nəhəng layihədir və başa çatmağına az qalıb. İndi "Şahdəniz 3" və digərləri haqda fikirləşmək, Türkmən qazını cəlb eləmək, arteriyanı gücləndirmək lazımdır. Amerika öz qazını Avropaya satırsa, bu bizim ölkələrə yaxşı nəsə vəd eləmir. Amma Azərbaycan və Gürcüstandan Türkmən qazı keçsə bu bizlər üçün çox vacib və faydalı olar”.

Gürcüstana qaz nəql edəcək “Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformadan birinin üst tikililəri dənizə yola salınıb. İyunun 1-də keçirilən mərasimə prezident İlham Əliyev də qatılıb.

Prezident.az saytı yazır ki, “Şahdəniz Mərhələ 2” layihəsi üzrə Gürcüstan da daxil, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyaya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlham Əliyev deyib ki, bu gün tarixdə qalacaq:

“Çünki bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi şəkildə açıq elan edirik. Bir neçə gündən sonra bu qurğular dənizə göndərilib, Şahdəniz yatağında quraşdırılacaq. Bu böyük tarixi hadisədir”.

"Şahdəniz Mərhələ 2" üzrə ilk qaz 2018-ci ildə Gürcüstan və Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəqli gözlənilir.

Neft-qaz məsələləri üzrə ekspert Kəmalə Mustafayeva düşünür ki, Gürcüstan Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edə bildi. Amma bu o demək deyil ki, bu əməkdaşlıqdan təkcə Gürcüstan udur:

“Azərbaycan nə etsə də Gürcüstanla enerji əlaqələrini saxlamağa məcburdur. Çünki bu iki ölkə bir-birinə bağlıdır. Azərbaycanın mühüm beynəlxalq qaz-neft kəmərləri Gürcüstanın ərazisindən keçir. Yəni, Gürcüstan Azərbaycan qazının dünya bazarına çıxmasına şərait yaradır”.