SOCAR-ın idarə və müəssisələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ölkəmizin hər yerində olduğu kimi, SOCAR-ın idarə və müəssisələrində də geniş qeyd olunub, bu münasibətlə silsilə tədbirlər keçirilib.

Dalga tv AZƏRTAC-a istinadən bildirilib ki, “Azneft” İstehsalat Birliyində, Hеydər Əliyеv аdınа Nеft Emаlı Zаvоdunda, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Qaz emalı zavodunda və SOCAR-ın digər struktur bölmələrində müəssisə rəhbərləri və əmək kollektivinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilən tədbirdə zavodun direktoru Roman Nağıyev və “BOS-Şelf” MMC-nin baş direktorunun müavini Nazim Hüseynov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıb, onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanın inkişafına verdiyi töhfələrdən, Ulu öndərin adını daşıyan zavodda icra olunmuş uğurlu layihələrdən söz açıblar. Çıxışlarda qeyd olunub ki, bu nəhəng istehsal müəssisəsi 13 ildir ki, Ulu Öndərin adını daşıyır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan zavod dahi liderin müəyyənləşdirdiyi uğurlu neft-qaz siyasətinin həyata keçirilməsində öz töhfəsini verməkdədir.

Bildirilib ki, Heydər Əliyev zavodun tikintisi zamanı bütün mərhələlərdə görülən işlərlə yaxından maraqlanıb, istehsalat müşavirələri keçirib. Müstəqillik dövründə isə zavod öz potensialı ilə bir sıra layihələrin, xüsusilə də “Əsrin müqaviləsi”nin icrasında mühüm rol oynayıb.

Qaz emalı zavodunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə zavodun direktoru Aqşin Paşayev, Həmkarlar İttifaqı komitəsinin sədri Əli Mahmudov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, enerji strategiyasının uğurla həyata keçirilməsindən danışıb, dahi rəhbərin parlaq xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıblar.