BVF Gürcüstana çoxmilyonlu kredit ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) direktorlar şurası Gürcüstana üç illik müddətə təxminən 285,3 milyon dollar məbləğində kreditin ayrılması barədə qərar qəbul edib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, kredit hökumətin iqtisadi islahatlar proqramlarının dəstəklənməsinə yönəldiləcək.

BVF-nin məlumatında deyilir ki, proqram Gürcüstana iqtisadi həssaslığın azaldılmasına, yaxşı koordinasiya edilmiş siyasət həyata keçirməyə və iqtisadi artıma kömək edəcək.

Kredit məbləği bir neçə tranşla ayrılacaq. Onlardan biri 40,7 milyon dollar təşkil edəcək, yerdə qalan məbləğ isə proqramın qüvvədə olduğu müddət ərzində altı yarımillik nəticələrə əsasən mərhələli şəkildə təqdim olunacaq.