SOCAR-ın mədən ərazilərində 63 min ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilir

SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində və “Azneft” İB-nin “BibiHeybətneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazilərində ümumilikdə 63 min ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən Dalga tv-yə bildirilib ki, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində müəssisənin həyata keçirdiyi layihələrdən biri də, reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda QSC-nin Torpaqların Rekultivasiya Departamenti SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində və “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazilərində ümumilikdə 63 min ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir.

Yaz mövsümünün başlaması ilə əlaqədar yaşıllaşdırma sahələrində mövsümü işlərə start verilib. Hazırda ərazidə ağac və kolların budanması, bitkilərə mövsümü gübrələrin verilməsi, abadlıq işlərinin aparılması və digər aqrotexniki tədbirlər yüksək ahənglə davam etdirilir.

Bütün bunlarla yanaşı, digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində də zəruri işlər yerinə yetirilir, ərazidə olan 51 min 130 ədəd müxtəlif növ ağac və bəzək kollarına, istixanada yetişdirilən 11 min 200 ədəd ağac tinglərinə, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən yüksək səviyyədə qulluq olunur.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirləri davam etdirilir.