Gürcü vokalçıların iştirakı ilə "Aida" operası təqdim olunacaq

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti, əməkdar artist Afaq Abbasova ifa edəcək. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, Ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.