Vilnüs zirvə görüşü tərəfdaşlar və bütün Avropa İttifaqı üçün fürsətdir

Bu gün Litva Prezidenti Dalya Qribauskayte ölkəsində səfərdə olan Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton ilə görüşmüşdür. Görüşdə “Şərq tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Vilnüsdə gözlənilən zirvə görüşünə hazırlıq, habelə Avropa İttifaqının xarici və müdafiə siyasətinin digər məsələləri müzakirə edilmişdir.
Litva Prezidenti demişdir: “Litva noyabrda keçiriləcək Vilnüs zirvə görüşünə ciddi və məsuliyyətlə hazırlaşır. Bu, bizim Aİ Şurasında sədrliyimiz çərçivəsində ən mühüm və ən iri tədbirdir. Zirvə görüşü Aİ ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında münasibətlərin inkişafında yeni mərhələnin və yeni imkanların başlanğıcı ola bilər. Bunun üçün Aİ-nin üzvü və tərəfdaşı olan ölkələrin, habelə Avropa İttifaqı strukturlarının yaxından iştirakı və sıx əməkdaşlığı lazımdır.
Ölkə başçısı bildirmişdir ki, Aİ ilə “Şərq tərəfdaşlığı” ölkələrinin siyasi əməkdaşlığı hər iki tərəf üçün faydalıdır. Avropa İttifaqı qonşu Şərq ölkələrində aparılan siyasi, iqtisadi, sosial islahatlara dəstək göstərmək və həmin ölkələrlə əlaqələri möhkəmləndirmək yolu ilə təhlükəsiz qonşuluq mühiti yaradılmasına kömək edir. Sıx əməkdaşlıq Aİ ilə Şərq tərəfdaşları arasında iqtisadi əlaqələrin inkişaf etməsinə, hər iki tərəfə sərmayə yatırılmasının təşviq edilməsinə, insanların yerdəyişməsinin asanlaşdırılmasına şərait yaradacaqdır.
Görüşdə Avropa Şurasının dekabrda nəzərdə tutulan iclasına hazırlıq məsələləri də müzakirə edilmişdir. Litva Prezidentinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Avropanın təhlükəsizlik və müdafiə siyasəti məsələlərini müzakirə etmək planlaşdırılır.