Qətər kosmosa ilk peykini buraxmışdır

Qətər dövlətinin ilk “Suheyl-1” peyki cümə axşamı Fransız Qvianasında (Cənubi Amerikada Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan “Ariane-5” raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.
AzərTAc kosmik aparatın operatoru “Suheyl-sat” şirkətinin rəsmi saytına istinadla xəbər verir ki, peyk maneələrə davamlı müasir texnologiyalardan istifadə edilməklə yaradılmış və Qətərin televiziya kanallarının, o cümlədən “Əl-Cəzirə” xəbərlər kanalının siqnallarının ötürülməsi üçün nəzərdə tutulmuşdur.
Şirkət rəhbəri Əli Əhməd əl-Kuvayrinin sözlərinə görə, Qətərin ilk peyki 3 aylıq sınaq müddətindən sonra cari ilin dekabrında istismara veriləcəkdir.
Yaradılmasına 3 il vaxt sərf olunan “Suheyl-1” peykinin çəkisi 6 tondan çoxdur. Şirkət nümayəndələrinin sözlərinə görə, məhz bu cəhət onun nəhəng peyklərdən biri hesab edilməsinə imkan verir.