Amerikada çıxan “The Jewish Times” qəzeti:“Dostlar arasında: Azərbaycan və İsrail”

Amerikada çıxan “The Jewish Times” qəzetinin 29 avqust tarixli nömrəsində “Dostlar arasında: Azərbaycan və İsrail” sərlövhəli məqalə dərc edilmişdir. Məqalənin müəllifi, jurnalist və Kaliforniya Universitetinin professoru Norma Zager yazır ki, tamdəyərli demokratik dünyəvi müsəlman dövləti olan Azərbaycan həm İsrailin, həm də ABŞ-ın etimadını və etibarını qazanmış müttəfiqdir, lakin Vaşinqton ona lazımınca diqqət yetirmir.
Müəllif yazır: “Avrasiyada və Yaxın Şərqdə İsrailin ən yaxın müttəfiqi olan Azərbaycan bütün dünyaya sübut edir ki, müsəlman mədəniyyəti və siyasi qurumlar barədə onların qərəzli təsəvvürləri yanlışdır. Yaxın Şərqi alov bürüdüyü bir vaxtda, görünür, amerikalı siyasətçilər bu mənzərənin nə qədər dəhşətli olmasını anlaya bilmirlər – təhlükəsiz dünya Amerikanın bombaları və qırıcı hərbi təyyarələri vasitəsilə yaradıla bilməz. Dünyamızın təhlükəsizliyi Qərb mədəniyyətinin, Qərb ticarətinin və Qərb ideallarının yayılması yolu ilə təmin edilməlidir.
N.Zager vurğulayır ki, həm İsrail, həm də Azərbaycan ABŞ tərəfindən nəzərəçarpacaq etinasızlıq səbəbindən əziyyət çəkir. ABŞ prezidenti bircə dəfə Azərbaycana səfər etsəydi, dünyaya bu ölkənin siyasi xəttini, onun İsraili, ABŞ-ı və Avropanı dəstəkləməsini hərtərəfli öyrənmək şansı verərdi. Azərbaycan bütün məsələlərdə və bütün etnik qruplara münasibətdə azadlıq və tolerantlıq siyasətini davam etdirir.
N.Zager sonda ABŞ-ı Azərbaycan, İsrail və Qərb arasında qarşılıqlı münasibətləri daha ətraflı öyrənməyə və Azərbaycan-İsrail münasibətlərindən nümunə kimi istifadə etməklə müsbət nəticə çıxarmağa çağırır.