Almaniyada çaxnaşma — Hitlerin davamçıları aksiya keçirir

 

Almaniyanın şərqindəki Xemnitz şəhərində bir almanın öldürülməsindən sonra irqçi nümayişlər başlayıb.

İfrat sağ görüşlü qruplarla qarşı tərəf arasında toqquşma olub.

Bazar günü bir almanın küçə davasında bıçaqlanaraq öldürülməsindən sonra irqçi nümayişlər start götürüb. Belə ki, küçə festivalında bir alman öldürülüb, ikisi isə yaralanıb. Davanın səbəbi bilinmir.

Hadisədən sonra 23 yaşlı bir suriyalı ilə 22 yaşlı iraqlı saxlanılıb. Sosial mətbuatda davanın səbəbi kimi bir qadının zorlanması yazılır. Polis isə iddiaları rədd edir. Bazar günü 100 nəfərlik etiraz aksiyası keçirilib. Sonra isə 800 nəfərlik qrup Karl Marksın heykəli qarşısına yığışıb.

Bəzi aksiya iştirakçıları qeyri-almanlara əllərindəki şüşələri atıblar. İslam və xaricilərə qarşı çıxış edən "Pegida" hərəkatı isə dünən günorta saatlarında aksiya keçirib.

İfrat sağ görüşlü millət vəkili Markus Frohnmayer də Tvitter hesabında məsələ ilə bağlı yazıb:

"Əgər dövlət vətəndaşını qorumursa, insanlar küçələrə çıxıb özlərini qoruyar. Bu qədər sadə".