Rusiyadakı yanğında ölənlərin sayı 78-ə çata bilər

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 78-ə çata bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, vilayətin bölgənin birinci vitse-qubernatoru Vladimir Çernov deyib ki, hakimiyyət orqanları vətəndaşların təşəbbüs qrupundan bu barədə daxil olmuş məlumat üzərində işləyirlər.

Təşəbbüs qrupu itkin düşənlər barədə topladığı məlumatlar əsasında ölənlərin sayının 78 nəfər ola biləcəyini açıqlayıb. "Biz hazırda məlumatları tutuşdururuq, itkin düşənlər barədə məlumat vermiş həmin adamları axtarırıq, çünki bir çox məlumat sosial şəbəkələrdən götürülür. Mənə elə gəlir ki, kimsə anlaşılmaz oyun aparır. Lakin bu, çox ciddi məsələdir", - deyə V. Çernov söyləyib. O qeyd edib ki, yalan məlumat yayanlar qanun çərçivəsində cəzalandırılacaqlar. 
 
Qeyd edək ki, rəsmi orqanlar martın 25-də baş verən yanğın nəticəsində ölənlərin 64 nəfər olduğunu açıqlayıb. Onlardan 41-i uşaqdır.