Alimlərdən həyəcan təbili — Dünya Okeanının səviyyəsi artır

Bu gün heç kimə sirr deyil ki, qlobal istilər Dünya Okeanının səviyyəsinin artmasına səbəb olub.

 Müasir texnikanın köməyi ilə də alimlər bu günə qədər qlobal miqyasda dəniz səviyyəsinin dinamikasının vahid xəritəsini hazırlaya bilmirlər.

Məlum olan odur ki, XIX əsrin ortalarından dəniz səviyyəsi getdikcə artır. 1993-cü ildən isə bu artım dəhşətli templə müşahidə edilir.
2015-ci ildə bu mövzu dəfələrlə gündəmə gəlib, bir sıra elmi işlər ortaya çıxıb. Məlum olub ki, son 20 ildə Dünya Okeanının səviyyəsində artım sürətlənib. 1993-2014-cü illər arasında artım illik olaraq 2.6-2.9 millimetr təşkil edib. Bu zaman NASA bəyan etdi ki, suyun səviyyəsinin artmasına istixana qazları da təsir edir.

ABŞ-da mütəxəsisslər tərəfindən aparılan yeni araşdırma da müsbət düşüncə vermədi. Dənizin qlobal səviyyəsi stabil yox, artan sürətlə qalxır.

1992-ci ildən Dünya Okeanının səviyyəsini "TOPEX/Poseidon" beynəlxalq peyk sistemi ölçür. Aparatların əldə etdiyi məlumat incələndikdən sonra Dünya Okeanı relyefi tədqiq edilib.

Alimlər müəyyən ediblər ki, dəniz səviyyəsinin qalxmasındakı artım hər il 0.8 mm artır. Əgər vəziyyət belə davam etsə, Dünya Okeanı əsrin sonuna qədər hər il 10 mm artacaq və 60-65 sm-i ötəcək.

Mütəxəssislərin fikrinə əsasən, suyun səviyyəsi iki səbəbdən artır. Birincisi, isinən su genişlənir və son 25 ildə bu səbəbdən suyun qlobal səviyyəsi 3-4 sm artıb. İkincisi, əriyən aysberqlərin suyu Dünya Okeanına qarışır, bu da səviyyəni artırır.
Bundan başqa vulkan aktivliyi də suyun səviyyəsinin artmasına səbəb olur.

Aysberqlərin əriməsi bu templə davam etsə, 2100-cü ildə suyun səviyyəsini minimum 1 metr artıracaq.