Azərbaycanlıların olduğu gəmi qəzaya uğrayıb

Qara dənizdə, Krım sahilləri yaxınlığında zədələnmiş "Berq" yük gəmisi Türkiyə gəmiçilik şirkətinə məxsus olub.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Zədələnən gəminin ekipaj üzvləri səkkiz Ukrayna vətəndaşı və dörd azərbaycanlıdan ibarətdir. Gəmidə üç min tondan çox yükün daşındığı bildirilir.

Qəza yerinə xilasedici kater göndərilib. Bütün ekipaj üzvlərinin Feodosiyaya təxliyyə edildiyi xəbər verilir.

"Yük gəmisinin zədələnmiş hissəsi artıq təmir olunub", - deyə Rusiya FHN-nin Cənubi Regional Mərkəzinin sədri bildirib.

"Gəminin sahibindən məlumat daxil olub ki, yardıma ehtiyac yoxdur. Korpusda əmələ gələn dəliyi öz gücləri hesabına aradan qaldıracaqlarını bildiriblər. Artıq dəliyi bağlayıblar", - deyə o qeyd edib.

O əlavə edib ki, bərpa-təmir işləri yekunlaşdıqdan sonra gəmi yoluna davam edəcək. Rusiya FHN-nin məlumatına görə, Moldova bayrağı altında üzən yük gəmisi Azov dənizindən Türkiyə istiqamətinə hərəkət edib. Hazırda gəminin Feodosiya sahillərindən 15 kilometr aralıda dayandığı bildirilir.