Rusiyada məktəbdə baş verən kütləvi davada müəllim və 14 şagird bıçaqlanıb

Rusiyanın Perm şəhərində məktəbdə baş verən insidentin detalları açıqlanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, dərs zamanı iki məktəbli arasında başlayan dava bıçaqlanma ilə nəticələnib. Məktəblilərin hər ikisində bıçaq olub.

Müəllimlər və şagirdlər onları ayırmağa çalışan zaman xeyli şəxs bıçaq xəsarətləri alıb.

Ümumilikdə bir qadın müəllim və 14 şagird yaralanıb. Xəsarət alanlar arasında dava edənlər də var. Müəllim və 16 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Məktəbdən 700 nəfər təxliyə olunub, dərslər dayandırılıb.

Faktla bağlı iki və daha artıq şəxsin həyatına qəsd maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədənlər saxlanılıb.

Qeyd edək ki, ilk olaraq iki maskalı şəxsin məktəbə hücum etdiyi barədə məlumat yayılmışdı.