Beyrutda terror aktı nəticəsində ölənlərin sayı 27-ə çatıb

Beyrutun cənubundakı Dahiyə rayonunda avtomobilin partladılması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, 336 insan isə yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq açıqlama ilə Livanın Səhiyyə Nazirliyi çıxış edib.

Bundan əvvəl 22 nəfərin öldüyü və 325 nəfərin isə yarandığı bildirilirdi.

Əhalisi sıx olan rayonda baş vermiş partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Avtomobil rayonun əsas küçəsində, dükan və yaşayış binaların yaxınlığında partladılıb.

Partlayış yaxınlıqdakı binalara ciddi zərər vurub, hadisə yerində güclü yanğın olub.

Partlayışa görə məsuliyyəti öz üzərinə bu vaxtadək naməlum olan “Ayşa Briqadası” götürüb. Terrorçular yaydıqları videoçarxda bildiriblər ki, terror aktı Suriyada hökumət qüvvələrinin tərəfində vuruşan “Hizbullah” hərəkatına ünvanlanmış xəbərdarlıq mesajıdır.