ATƏT-in Bakı Ofisinin nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər

ATƏT-in Bakı Ofisinin nümayəndələri – Covanni Qalzinyato və Aynur Quliyeva “İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasına baş çəkiblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi, 2012-ci ilin may ayında həyata keçirilmiş monitorinqin davam etdirilməsi olub.

Monitorinq zamanı müəssisənin yataqxanalarına, təqsirləndirilən şəxslərin saxlanma kameralarına, məişət obyektlərinə, dini ibadət otağına, mətbəx və yeməkxanaya, tibbi hissəyə və dərman preparatları ambarına, kitabxanaya, istintaq otaqlarına və digər yardımçı otaqlara baş çəkilib. Məhkumlara və təqsirləndirilən şəxslərə yeni qanunvericiliyə uyğun telefon danışıqları və görüşlərin təqdim edilməsi məqsədilə yaradılmış şərait ofis nümayəndələrinin xüsusi diqqətinə səbəb olub.

Başçəkmə zamanı nümayəndə heyətini Penitensiar Xidmətin məsul əməkdaşları müşayiət ediblər.