Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi”

Nigeriyada könüllü türk həkimlərin pulsuz göz müayinəsinə görmə əngəlli övladını gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

Dalga tv "Anadolu"ya istinadən xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarak əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəliklər mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə “Anadolu” agentliyinə danışıb.

"Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq", - Əlizadə deyib. 

"Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu, bizi duyğulandırdı", - deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra xoşbəxtlikdən ağlamağa başlayıb.