Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının üzvləri və ziyalılarla görüşüb. 

 
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilmiş görüşdə F. Muradov bildirib ki, azərbaycanlı ziyalılar Gürcüstan cəmiyyətində çox fəaldır: "Ziyalılarla görüşüb onların fikirlərini öyrənmək bizim üçün çox vacibdir. Gürcüstandakı azərbaycanlıların fəaliyyəti Azərbaycanda böyük diqqət və həssaslıqla izlənilir".
 
Komitə sədri deyib ki, Gürcüstanda azərbaycanlıların təmsil olunduğu 100-ə yaxın müxtəlif təşkilat var: "Bu göstəricinin çox və ya az olduğunu deyə bilmərəm. Gürcüstan azərbaycanlılarının birliyinə yenidən baxılmalıdır".
 
F. Muradov qeyd edib ki, Gürcüstan azərbaycanlılarının birliyinə müəyyən qüvvələr tərəfindən qəsdən problemlər yaradılır: "Gürcüstandakı azərbaycanlı ziyalı və ağsaqqallar buna qarşı çox ciddi addımlar atmalıdır. Komitə sədri kimi sizdən əsas gözləntilərimdən biri budur".