Gürcüstanın 30-a yaxın vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub

Gürcüstanın 30-ə yaxın vətəndaşı Suriya və İraq ərazisində müxtəlif terror təşkilatlarına qoşularaq döyüşlərdə iştirak edir.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il üzrə hesabatında deyilir.
 

Sənəddə qeyd olunub ki, ötən il həmin vətəndaşların Gürcüstana qayıtması faktları qeydə alınmayıb: "DTX həmin vətəndaşların Gürcüstana mümkün qayıdışına xüsusi diqqət yetirir və bu cür faktların olacağı halda, qanuna müvafiq addımlar atılacaq".
 

Hesabat dövründə DTX terrorizm və ekstremizmin maliyyələşdirilməsi faktlarının müəyyən edilməsi üzrə fəal tədbirlər həyata keçirib: "Terrorizmlə əlaqəsi olan bir neçə şəxs Gürcüstanda müxtəlif bank əməliyyatları həyata keçirməyə cəhd edib".
 

DTX-nin hesbatında o da bildirilib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Gürcüstanda lobbiçilik qrupları və siyasi təşkilatları möhkəmləndirməyə cəhdlər edir. "Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən öz maraqlarına uyğun konkret mövzular hazırlayan və cəmiyyəti bu barədə məlumatlandıran ekspert elmi-araşdırma mərkəzlərinin yaradılmasına cəhdlər müşahidə olunur".