Tbilisidə Novruz şənliyi keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi tarixi hissəsində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, tədbir Tbilisi Meriyası və Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən təşkilat sədri İsaq Novruzov şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramı qeyd edən bütün xalqlara xoşbəxtlik, sevinc və əmin-amanlıq arzu edib.

Sonra çıxış edən Gürcüstan Parlamentinin üzvü Beka Odişariya, şəhərin Krtsanisi rayon administrasiyasının başçısı Levan Caparidze şənliyə qatılanlara Novruz bayramı münasibətilə xoş arzularını çatdırıblar.

L.Caparidze Tbilisi meri Kaxa Kaladzenin də təbriklərini şənlik iştirakçılarına çatdırıb.

Şənlikdə el pəhləvanları bacarıqlarını nümayiş etdiriblər. Tədbir Novruz qəhrəmanlarının tamaşaları, aşıq və xalq mahnıları, "Ceyran" rəqs ansamblının ifasında Azərbaycan və Gürcüstanın milli rəqslərindən ibarət konsert proqramı ilə davam etdirilib.