Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin iki üzvü ölüb, 4 nəfər xəsarət alıb

Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçəndən hissəsində Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Bəhruz Telman oğlu Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüblər.

"Mercedes"də olan sərnişinlərdən - sürücünün övladları, 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumatda isə bildirilir ki, bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, xəsarət alanlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.