Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda qızılcaya yoluxma halları qeydə alınıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda qızılcaya yoluxma ilə bağlı 4 hal qeydə alınıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə rayonun İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzindən bildirilib.
Qızılcaya yoluxanların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Qeyd edək ki, 7 fevral tarixinə olan məlumata əsasən Gürcüstanda 130-dan çox insanda qızılcaya yoluxma halı qeydə alınıb. Onların 40%-ni 5 yaşına qədər olan uşaqlar, 50%-ni isə 30 yaşdan yuxarı olan şəxslər təşkil edir. Ötən həftə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkədə qızılca epidemiyası təhlükəsinin olduğunu bildirib.