Gürcüstanın müdafiə naziri müsəlman əsgərləri müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir

altGürcüstanın müdafiə naziri İrakli Alasania müsəlman əsgərləri Ramazan ayı münasibətilə təbrik etmişdir.
Nazir Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, polkovnik İrakli Dzneladze və nazirliyin digər məsul əməkdaşları ilə birlikdə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki aviasiya bazasına gedərək orada xidmət edən müsəlman hərbçilərlə görüşmüş, iftar süfrəsində iştirak etmişdir.
Müdafiə naziri İrakli Alasania əsgərlərə müraciətlə demişdir ki, müqəddəs Ramazan ayı təkcə Gürcüstan müsəlmanlarının deyil, hamımızın bayramıdır. Sizin xidmətinizi yüksək qiymətləndiririk, gürcü ordusunda müsəlman qardaşların güclü olmalarını arzulayırıq.
Nazir müsəlman hərbçilərin Gürcüstana layiqli xidmət göstərmələri üçün hər şəraitin yaradılacağını vurğulamış və onların gələcəkdə peşəkar hərbçi kimi Silahlı Qüvvələrdə fəaliyyətlərini davam etdirəcəyi təqdirdə məmnun olacağını demişdir.
Görüşdə iştirak edən axund Vaqif Qasımov Gürcüstanın müdafiə nazirinə müsəlman əsgərlərə diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.