Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Bolnisidə iftar məclisində iştirak edib

alt“Gürcü Arzusu” Partiyasından Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Müqəddəs Ramazan bayramı münasibətilə azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kəpənəkçi kəndində təşkil olunan iftar mərasimində iştirak edib.Mərasimdə çıxış edən Gürcüstan Georgi Marqvelaşvili bayram münasibətilə Gürcüstanda yaşayan bütün müsəlmanları təbrik edib: “Əziz həmvətənlərim, biz birlikdə möhtəşəm, azad, vahid və güclü  Gürcüstan qurmalıyıq. Ümidvaram ki, bu dövlət sizin dəstəyiniz və müdrikliyiniz sayəsində qurulacaq və inkişaf edəcək”. İftar məclisində Bolnisi rayonundakı Akaurt orta məktəbinin direktoru Nofəl Əliyev çıxış edərək “Gürcüstan bizim vətənimizdir. Bu gözəl bayramda iştirak edən gürcülərə, həm də azərbaycanlılara böyük təşəkkürümüzü bildiririk”, - deyə bildirib. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Ramazan ayını hakimiyyət üçün çox vacib bir ay adlandırıb: “Çünki Gürcüstanın müəyyən bir hissəsi müsəlmanlardan ibarətdir. Şübhəsiz ki, onların bayramı, həm də bizim bayramımızdır”. Tədbirdə Gürcüstanın baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartlinin inzibati bölgə ərazisinə daxil olan Dmanisi, Bolnisi, Marneuli, Qardabani rayonlarından və Tiflisdən gələn azərbaycanlılar, parlamentin deputatları, rayon rəhbərləri və Gürcüstan Müsəlmanları idarəsinin rəhbərləri, dindarlar, gənclər iştirak ediblər.