"Qarabağ" - "Roma" oyunu rekorda imza atdı

Futbol üzrə Çempionlar Liqasının II turunda ən çox tamaşaçı tərəfindən izlənilən matç "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasındakı oyun olub. 

Dalga tv  Report-a istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67200 nəfər izləyib. Matç "Roma"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu oyun Almaniyanın Dortmund şəhərində "Borussiya" ilə İspaniya "Real Madrid"ini üz-üzə gətirən görüşü də arxada qoyub. "Signal İduna Park"da qonaqların 3:1 hesablı qələbə qazandığı oyuna 65849 nəfər baxıb.

Üçüncü yerdə İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klublarının "Metropolitano"da üz-üzə gəldiyi qarşılaşma qərarlaşıb. 60643 nəfərin izlədiyi Madriddəki görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Ən azı tamaşaçı isə Fransa "Monako"su ilə Portuqaliya "Portu"su arasındakı görüşdə olub. Qonaqların 3:0 hesabı ilə qalib gəldiyi matçı 11703 nəfər izləyib.

Qeyd edək ki, turun 16 oyunundan yarısı qonaqların qələbəsi ilə yekunlaşıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.