Tiflisdən medalsız qayıdırıq

Bu gün cüdo üzrə Tiflis Qran-Prisi başa çatıb.

Dalga tv apasport.az-a istinadən xəbər verir ki, yarışın son günündə 5 azərbaycan idmançısı tatami üzərinə çıxıb.

Kişilər

90 kq

Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verib. Cüdoçumuzun ilk rəqibi Peter Jilka olub. Əbdülhəqq bu sınağı keçə bilməyərək, turnirlə vidalaşıb.

Bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayıb. O, da rusiyalı Mixail İqolnikovla ilk görüşündən məğlub ayrılıb.

100 kq

 

Zelim Kotsoyev Qran-Priyə 1/8 finaldan gürcü idmançı Laşa Taveluri ilə başlayıb. İlk rəqibini geridə qoyan idmançımız 1/4 finalda Martin Paçeklə qarşılaşıb. İsveçliyə uduzan Zelim çıxışını təsəlliverici görüşlərdə davam etdirəcək. Onun "bürünc" yolundakı ilk rəqibi braziliyalı Lusiano Korrea olub. Qalib gələn təmsilçimiz medal almaq üçün yenə braziliyalı ilə mübarizə aparmalı olub. Həmyerlisindən fərqli olaraq Rafael Buzakarini idmançımıza şans verməyib.

Cəlil Şükürov 1/16 finalda Matey Hajasa qalib gəlsə də, növbəti mərhələdə rus Kazbek Zankişiyevlə bacarmayıb və turnirlə vidalaşıb.

Qadınlar

78 kq

Qadınların yarışındakı son təmsilçimiz Günel Həsənli tunirə 1/16 finaldan start verib. O elə ilk görüşündəcə rusiyalı Aleksandra Babinçevaya məğlub olub və yarışı başa vurub.

Beləliklə, Tiflis Qran-Prisi cüdoçularımız üçün medalsız başa çatıb.