Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi başa çatdı

alt

Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak ediblər.

Avropa Oyunları iyunun 28-dək davam edəcək. Avropanın 6 mindən çox idmançısı 17 yarış günündə ölkələrini təmsil edəcək.


...22:43...

Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi.

...22:35...
Milli Olimpiya stadionuna Avropa Olimpiya Komitəsinin bayrağı gətirilib.

ANS PRESS-in məlumatına görə, bayrağı Avropanın müxtəlif yerlərindən olan səkkiz tanınmış qadın və kişi idmançı gətirib.

Bayrağı Azərbaycan və Türkiyə daxil olmaqla, Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış idmançı gətirib.


...22:16...

Bakı Milli Olimpiya Stadionunda idmançıların paradı başa çatıb.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində paraddan sonra tanınmış müğənni Ledi Gaga mahnı ifa edib. Piano arxasında əyləşərək, Lady Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edib. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir

...21:59...

Bakı Milli Olimpiya Stadionunda I Avropa Oyunlarında iştirak edən idmançıların paradı keçirilir.

ANS PRESS-in məlumatına görə, paradda ilk olaraq Yunanıstan idmançıları gedib. Bu isə Olimpiya Oyunlarını dünyaya bəxş edən ölkəyə hörmət əlamətidir.

Qeyd edək ki, birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı çıxış edəcək.

...21:00...

Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarına rəsmən start verildi.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin başda olmaqla dünyanın bir çox ölkəsinin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri iştirak edir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar hələ 2012-ci ilin dekabrında, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınıb.