Nazir: “Azərbaycan Gürcüstanın əsas investorudur”

“Azərbaycan Gürcüstanın əsas investorudur”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili parlamentdə keçirilən dinləmələrdə deyib.

Nazir bildirib ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar 378,2 milyon dollar təşkil edib ki, bu da ümumi xarici investisiyaların 28,1%-ni təşkil edib. 

D.Kumsişvili deyib ki, cari ilin 9 ayı ərzində Gürcüstanda birbaşa xarici investisiyaların həcmi rekord həddə çatıb: “Bu dövrdə xarici investisiyalar 1 milyard 346,5 milyon dollar təşkil edib. Bununla yanaşı, 2017-ci ilin üçüncü rübündə xarici investisiyalar 17,6% artaraq 594,5 milyon dollar olub”.

Nazir əlavə edib ki, 2017-ci ilin sonunda birbaşa xarici investisiyaların həcminin 1 milyard 600 milyon dollara çatacağı gözlənilir.