Gürcüstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi mövcud iqtisadi reallığı dəyişəcək"

"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qarslayihəsi böyük diqqətə layiqdir".

APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

Gürcüstanın baş naziri bildirib ki, layihə mövcud iqtisadi reallığı dəyişəcək: "Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir. Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq".

Giorgi Kvirikaşvili qeyd edib ki, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir: "Yeni limanlar tikilir, yollar müasirləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu layihənin ərsəyə gəlməsində böyük rol oynayıb".

Baş nazir nəzərə çatdırıb ki, noyabrın 28-29-da Tbilisidə İpək Yolu sammiti keçiriləcək: "Biz şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq".