Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Tsalka rayonuna və Cavaxetiya bölgəsinə (Ninotsminda və Axalkalaki rayonları) səfər ediblər.  

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, səfər çərçivəsində dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarına baxış keçirilib.

D. Həsənov və Z. Novruzov həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4 200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.

İş icraçılarının məlumatlarına və aparılan müşahidələrə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında tam şəkildə istismara hazır olacağı gözlənilir.