Gürcüstanda qazın tarifinə yenidən baxılacaq

“Gürcüstanda təbii qaza olan tariflərə yenidən baxılacaq, lakin tariflərin artacağı və ya aşağı salınacağını indidən demək mümkün deyil.”

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri İlya Eloşvili deyib. 

Nazirin sözlərinə görə, qaz tarifinin dəyişdirilməsi müxtəlif faktorlardan, həmçinin tarifin hesablanma metodologiyasından asılı olacaq.

“Tarifin dəyişdirilməsini əsasən 2007-ci ildən bu günə qədər həyata keçirilmiş investisiyalar şərtləndirib. Çünki 2007-ci ildən qazın tarifi faktiki olaraq nəzərdən keçirilmirdi və buna müfaviq olaraq abunəçilərin sayı iki dəfə artıb, sektora böyük həcmdə investisiyalar qoyulub, şərait və larinin kursu dəyişib. Bütün bunların hamısı öz təsirini göstərdi və tarif dəyişikliyə məruz qaldı”, - deyə İ. Eloşvili qeyd edib.  

Qeyd edək ki, iyulun 20-dən etibarən Tbilisi əhalisi üçün təbii qazın istehlak tarifi 0,5 tetri artırılaraq 1 kubmetr üçün 46,153 tetri məbləğində müəyyən olunub. Gürcüstanın əsasən regionlarını təbii qazla təmin edən “SOCAR Georgia Gas” şirkətinin abunəçiləri də 1 kubmetr qaz üçün 55 tetri əvəzinə 57 tetri ödəməli olacaqlar.