Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb

Böyük hissəsində tikinti işlərinin tamamlandığı Bakı-Tbilisi-Qarsdəmir yolu ilə ilk dəfə olaraq test qatarı yola düşüb.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, test qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.

Test qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yol boyu görülən işlərlə tanış olmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanı tapıblar.


"Çətin bir marşrutu olan layihənin reallaşması üçün 3 ölkə birgə səy göstərir. İlk dəfə sərnişin kimi səfər etməkdən məmnunuq. Bu gün yeni bir tarix yazılır və biz bu tarixə şahidlik edirik. Qısa zaman kəsiyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Türkiyə və Gürcüstandakı işlər 3 ölkənin birgə səyi ilə yekunlaşacaq. Bu dəmir yolu xəttini xüsusilə yükdaşımalar üçün istismar edəcəyik. Ən azı bizim qədər bu layihə Qazaxıstan, Çin və bütün Avropanın maraq dairəsindədir. Çünki başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qarsüzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu layihə regionda ölkələr arasındakı qardaşlığı möhkəmləndirəcək, ticarətin həcmini artıracaq", - deyə türkiyəli nazir bildirib.