Nazir: "Bakı-Tbilisi-Qars dəmiyolu xətti daşınmalarda qənaət etməyə imkan yaradacaq"

 "Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük investorlarıdır". "Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük xidməti orqanlarının rəhbərlərininin Bakı görüşündə çıxış edən Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili deyib.

D.Kumsişvilinin sözlərinə görə, Azərbaycan bu ölkəyə 500 mln. dollar investisiya yatırıb: "Bizim ticarət dövriyyəmiz 600 mln. dollara çatıb. Türkiyə ilə isə bu rəqəm 1,5 mlrd. dollardır".

Gürcüstan rəsmisi deyib ki, Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılması yük və sərnişin daşınmasında qənaət etməyə imkan yaradacaq.

Tədbirdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi isə bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılacağını deyib: "Təəssüf ki, bəzi hüquqi səbəblərdən BTQ dəmiryolu xəttini bu il tamamlamağa imkan vermədi. BTQ dəniz daşımalarından daha sürətli, avtomobil daşımaçılığından isə daha sərfəli olacaq. Layihənin artıq 85%-dən çoxu bitib. Bu xəttin açılması ilə Londonla Pekin bir-biri ilə birləşəcək".

Qeyd edək ki, bugünkü Bakı görüşünün sonunda Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, qarşı tərəfdən isə Türkiyənin gömrük və ticarət naziri B.Tüfənkçi imzalayıb. Sazişə əsasən, Azərbaycan və Türkiyə avtomobil nəqliyyatı və tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılması ilə bağlı əməkdaşlıq edəcək.