Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi 1 il gecikir

Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ilin sonunda istifadəyə veriləcək.
Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bəyan edib.
Qeyd edək ki, əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Q.Nəzirovun sözlərinə görə, bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir.
Q.Nəzirov bildirib ki, torpaq sahələrinin alınmasını tənzimləyən qanunvericilik aktı Gürcüstan parlamenti tərəfindən qəbul edilməlidir ki, bu proses hələ tam yekunlaşmayıb.