Böyük və Kiçik Qafqazın dağ çaylarında aparılan ölçmə işlərinin nəticələri açıqlanmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin iyulun 15-dən 19-dək Kiçik və Böyük Qafqazın dağ çaylarında apardığı ölçmə işlərinin nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən  bildirmişlər ki, ölçmə işlərinin əsas məqsədi may və iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində çaylardan keçən daşqın və selin izlərinə görə maksimal su sərflərini təyin etmək olmuşdur. Ölçmə işləri zamanı hər bir çayın en kəsiyinin profili çıxarılmış, en kəsiyinin sahəsi, məcranın eni, orta dərinlik, maillik və sürət təyin edilmişdir. 
Hesablamalara əsasən, Kiçik Qafqazın çaylarında ən maksimal su sərfi Gəncəçayda olmuşdur. Çayda su sərfi saniyədə 20,3 kubmetr təşkil etmişdir ki, bu da keçən il ilə müqayisədə bir qədər azdır. Müşahidə dövrü ərzində ən yüksək su sərfi 1965-ci il iyulun 11-də 107 kubmetr/saniyə olmuşdur.
Qoşqarçayda maksimal su sərfi saniyədə 25,2 kubmetr olmuşdur ki, bu da ötən illə müqayisədə azdır. Müşahidə dövrü ərzində ən yüksək su sərfi 1973-cü il iyunun 5-də 152 kubmetr/saniyə olmuşdur.
Böyük Qafqazın çaylarında isə ən maksimal su sərfi Şinçayda saniyədə 215 kubmetr, Kişçayda saniyədə 236 kubmetr Kürmükçayda saniyədə 152 kubmetr olmuşdur ki, bu da ötən illə müqayisədə çoxdur.
Növbəti ölçmə işlərinin iyulun 29-dan avqustun 2-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin (Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay), Quba-Qusar bölgəsinin (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay) çaylarında aparılması nəzərdə tutulur.