İrakli Qaribaşvili "Şahdəniz-2"dən danışdı

altGürcüstanin Poti limaninda “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalı açılıb. Açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edib. O, “Şahdəniz-2” layihəsinin region üçün əhəmiyyətini qeyd edib.

ANS TV-nin məlumatına görə, Gürcüstanın baş naziri terminalın imkanları ilə tanış olub. Ona “Şahdəniz-2” layihəsi barədə məlumat verilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində tikilən bu terminal Azərbaycan və Gürcüstan ərazisindən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlığın daşınmasını təmin edəcək.
Bununla da layihənin icrasını sürətləndirəcək.

İrakli Qaribaşvili “Şahdəniz-2” layihəsinin əhəmiyyətini vurğulayaraq onun iştirakçı dövlətlərə gətirəcəyi dividentlərdən danışıb.

“Bu layihə Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindəndir. Layihəyə Avropanın yeni və alternativ Cənub dəhlizi kimi baxılır”, – deyə İrakli Qaribaşvili bildirib.

“Şahdəniz-2” layihəsi çərçivəsində təbii qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur. Amma son açıqlamalar Avropanın Azərbaycan qazını 2020-ci ildən tez almayacağını göstərir. Layihə çərçivəsində ilkin olaraq ildə 16 milyard kubmetr mavi yanacaq ötürüləcək.