Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində beynəlxalq daşımaların tariflərə uyğunlaşdırılması aparılır

altBakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində beynəlxalq daşımaların tariflərə uyğunlaşdırılması aparılır. Artıq dəhliz tikilir və bu məsələlər də gündəmdədir.


"APA-Economics"in xəbərinə görə, bu haqda nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

M. Pənahov bildirib ki, tariflərin tətbiqi forması, eyni zamanda sənədləşmənin qaydaları və digər məsələlər müzakirə predmetidir. "Hazırda ölkələr arasında müzakirələr aparılır, onların sazişləri hazırlanır. Bu da yüklərin ölkələr arasında maneəsiz hərəkətinə imkan verəcək"- deyə M. Pənahov qeyd edib.

Layihənin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı bir-birilə birləşdirən yeni birbaşa xəttdir: "Bu layihə imkan verəcək ki, ölkələr arasında həm iqtisadi, həm ticari əlaqələrin inkişafı üçün şərait yaransın. Bu layihə dəniz daşımaçılığı ilə müqayisədə iki dəfə - həm vaxt, həm məsafə baxımdan səmərəli olacaq. Bugünkü tədbirdə Qazaxıstan, Xorvatiya, Albaniya, Rumıniya, Çin və digər ölkələr də layihəni dəstəklədiklərini qeyd etdilər".