Baharın gəlişi ilə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində işlər sürət götürmüşdür

altBakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan sahəsi əsasən yüksək dağlıq bölgədən keçir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Gürcüstan filialının direktoru Qurban Piriyev yolun bu hissəsində işlərin gedişi ilə tanış olmuşdur.
Filialın direktoru AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, yazın gəlişi dəmir yolunda işlərin yüksək sürətlə aparılmasına şərait yaratmışdır. O, yolun Marabda-Tetrisxaro sahəsində infrastrukturun tam hazır olduğunu bildirmiş və Tetrisxaro-Zalqa hissəsində bütün körpülərin tikintisinin başa çatdırıldığını, yeni relslərin döşəndiyini, elektrik-rabitə işlərinin görüldüyünü qeyd etmişdir.
Qurban Piriyev demişdir ki, Zalqa-Axalkalaki sahəsində 8 kilometr dəmir yolu çəkilmiş, uzunluğu 154, eni 9, hündürlüyü 27 metr olan Qırxbulaq körpüsünün inşası başa çatdırılmışdır. Hazırda yolun 20 kilometrinə relslər döşənir. Həmçinin Gürcüstan-Türkiyə sərhədindəki tuneldə də işlərin vüsət aldığı və artıq 86 metr uzunluğunda tunel qazıldığı, hər gün bunun 2-3 metr artırıldığı qeyd olunmuşdur.
ASC-nin Gürcüstan filialının direktoru BTQ dəmir yolu layihəsinin Gürcüstan sahəsində işlərin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağını vurğulamışdır.