Azərbaycan benzin ixracını bərpa etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 86 168 ton dizel yanacağı ixrac edib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.

alt
 

Həmçinin, ötən ay 13 088 ton təyyarə yanacağı ixrac edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur.

Fevral ayında ARDNŞ tərəfindən avtomobil benzininin ixracı bərpa olunub və bu, 383 ton təşkil edib. Ötən ay 34 448 ton vakuum qazoylu da ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində avtomobil benzini ixracının həcmi 383 ton, vakuum qazoylunun ixracı isə 34 448 ton olub.

Bundan başqa, 2 ay ərzində ötən ilin eyni dövrünə nisbətən dizel yanacağının ixracı 2,7% azalaraq 164 275 ton, təyyarə yanacağının ixracı isə 10% artaraq 23 245 ton təşkil edib.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 970,15 ABŞ dolları, təyyarə yanacağı - 959,85 dollar, dizel yanacağı - 908,73 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 632,81 dollar təşkil edib.