ARDNŞ-in Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində azərbaycanlı tələbələrlə görüş keçirilmişdir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin Tbilisi şəhərindəki mərkəzi ofisində bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilmişdir. 
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov xarici ölkələrdə yaşayan soydaşlara qayğı və diqqət yönümündə əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Heydər Əliyev adına Fondun həyata keçirdiyi böyük sosial layihələrin səmərə verdiyini vurğulamışdır. O bu görüşün məhz azərbaycanlı gənclərin qonşu Gürcüstanda lazımi səviyyədə təhsil almaları, gələcəkdə tələbələrin təqaüdlə təmin olunmaları üçün monitorinq qrupun yaradılması və s. məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə təşkil olunduğunu qeyd etmişdir.
M.Məmmədov Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayının ilbəil artdığını vurğulamış, SOCAR-ın onların təhsil haqlarının ödənilməsində təşəbbüsündən söhbət açmış, soydaşların gürcü ictimaiyyətinə inteqrasiyası istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün vacib tədbirlərin bundan sonra da həyata keçiriləcəyini qeyd etmişdir.
Tələbələrdən Ceyhun Məmmədli, Günel İskəndərova, Günay İbadova, İlqar Nəbiyev və digərləri qayğı və diqqətə görə Azərbaycan Dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.