Gürcüstanda yeni qaz şəbəkəsi istismara verilmişdir

altFevralın 14-də Gürcüstanın Kareli rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istsimara verilmişdir.
Açılış mərasimində Gürcüstanın energetika naziri Kaxi Kaladze, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərləri iştirak etmişlər. Dzlevicari kəndində 15 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilmişdir. Şəbəkənin 330 abonentə xidmət etməsi nəzərdə tutulmuşdur.
Bununla da Kareli rayonunda 86 kilometr uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatmış, 2 min 768 abonent qazla təmin olunmuşdur. Ümumilikdə, Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu isə 591 kilometrə çatdırılmışdır ki, bu da 18 min 315 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan vermişdir. Cari ilin sonuna kimi daha 127 kilometrlik qaz kəmərinin istismara verilməsi və 1500 abonentin qazla təminatı nəzərdə tutulur.
2009-cu ildən bu günədək “SOCAR Georgia Gas” şirkəti tərəfindən ölkə miqyasında 4 min kilometr qaz kəməri tikilmiş, nəticədə 188 mindən çox abonent qazla təmin olunmuşdur. İlin sonunadək 750 kilometr uzunluğunda qaz kəmərinin çəkilişi və daha 22 min abonentin təminatı nəzərdə tutulmuşdur.