Tbilisidə yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

altGürcüstan paytaxtında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.


Paytaxt Tbilisinin Sarcişvili prospekti və Didi Diqomi yaşayış massivinə gedən yolun kəsişməsində tikilən yanacaqdoldurma məntəqəsinin açılışını ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov həyata keçirib.

M. Məmmədov jurnalistlərə açıqlamasında məntəqədə 20 nəfərə yaxın insanın iş ilə təmin olunduğunu bildirib: “Bu yanacaqdoldurma məntəqəsi Gürcüstanda istifadəyə verilən sayca 112 yanacaqdoldurma məntəqəsidir. Bu 112 yanacaqdoldurma məntəqəsinin 7-də müştərilər həm qaz, həm də benzin doldururlar. Bu gün istifadəyə verilən məntəqə kombinə olunmuş yanacaqdoldurma stansiyasıdır. Stansiya müasir standartlara cavab verir”, deyə M. Məmmədov bildirib.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbərinin sözlərinə görə, yaxın günlərdə soydaşlarımız yaşayan bölgələrdə də belə tipli yanacaqdoldurma məntəqələrin açılışı planlaşdırılıb.