“Akkord” Korporasiyası yeni istehsal sahəsini işə salıb

alt“Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda dam örtüyü və onun aksesuarlarını istehsal edən yeni istehsal sahəsinin açılışı olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu istehsal sahəsində 5 avtomat xətt və aksesuarlar istehsal edən avadanlıqlar istismara verilib.

Dam örtüyü istehsal edən xətt Finlandiyanın dünyada tanınmış “Samesor OY” şirkətindən alınıb. Xətdə Avropa standartlarına cavab verən fin texnologiyası ilə eni 1200 mm, uzunluğu 2200 mm olan dam örtükləri, həmçinin sifarişçilərin tələbinə uyğun müxtəlif uzunluqda dam örtükləri istehsal etmək mümkündür. Xəttin aylıq istehsal gücü 500 tondur.

Digər avtomat xətlər Finlandiyanın tanınmış “Magring OY” şirkətindən alınıb. Xətlər Avropa standartlarına tam cavab verən texnologiya ilə 12 adda aksesuar - boru, nov, mahiyyə, qazan, daxili və xarici künclüklər, su axıdıcı dirsək, nov, boru bərkidiciləri və s. istehsalına imkan verir.

Dam örtüyü və aksesuarların istehsalı üçün istifadə olunan materiallar Finlandiyanın “RUUKKİ OY” şirkətindən rulon formasında alınır.

Bu günlərdə adıçəkilən şirkətlərin nümayəndələri “Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda olublar. Gələcəkdə bu sahəni daha da genişləndirmək üçün yeni əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.