ARDNŞ “Bulla-dəniz” yatağındakı yanğını 2 aydan sonra söndürə bildi

altARDNŞ-nin və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb.

Bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

Xatırladaq ki, “Bulla-dəniz” yatağındakı qaz quyusunda avqustun 17-də qəza baş verib və yanğın başlayıb. Yanğın dünənədək davam edib.

Qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.