Gürcüstan parlamenti binada bomba qoyulmasına dair anonim zəngə görə işini dayandırmışdır

Gürcüstan parlamentinin sədri David Usupaşvili sentyabrın 6-sı, axşam saat 22 radələrində ali qanunvericilik orqanının ümumi iclasını dayandırmaq məcburiyyətində qalmışdır. Buna səbəb yenə də parlamentin binasına bomba qoyulmasına dair anonim zəng olmuşdur.
Parlamentin vitse-spikeri Zurab Abaşidze jurnalistlərə bildirmişdir ki, yenə də binaya bomba qoyulmasına dair məlumat daxil olmuş və təhlükəsizlik tədbirlərinə müvafiq olaraq təxliyə işlərinə başlanılmışdır.
Parlamentin Kutaisi şəhərindəki binasında bomba olduğuna dair ilk telefon zəngi bu il iyulun sonlarında vurulmuşdu. Anonim zəngin sahibi tezliklə müəyyən olunmuş, şəhər sakini, 71 yaşlı kişi tutulmuşdu.
Hazırda anonim zəng vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüldüyü bildirilir.