Gürcüstanda şaxtaçılar etiraz edir

alt

Gürcüstanın Tkibuli şəhərində kömür mədənlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı şaxtaçılar etiraz aksiyası keçirir.

Dünən axşam saatlarında Dzidziquri adına mədənə enən şaxtaçılar oradan çıxmayıblar.

25 nəfərə yaxın şaxtaçı 300 metr dərinlikdə qalmaqda davam edir. Şaxtaçılar hökumətdən mədənlərdə istehsal prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilməyənədək mədəndə qalacaqlarını bildiriblər.

Digər şaxtaçılar isə bu gün saat 12:00-da Tkibuli meriyası qarşısında etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, bu ilin iyulun 16-da Tkibulidəki Mindeli mədənində baş vermiş qəza nəticəsində 4 şaxtaçı ölüb. Hadisədən sonra hökumətin qərarı ilə Tkibulidə yerləşən bütün mədənlərin fəaliyyəti dayandırılıb. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia mədənlərdə istehsal prosesinin dekabr ayının ortalarında bərpa olunacağını bildirib.