Uşaq valideynini hansı hallarda məhkəməyə verə bilər?

Azərbaycanda uşaq hüquqları beynəlxalq konvensiyalar, Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Qanunla və digər normativ hüquqi aktlarla qorunur.
Ailədə uşaqların malik olduğu hüquqlar barədə danışan Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Vasif Həsənov qeyd etmişdir ki, həm beynəlxalq konvensiyalar, həm də Azərbaycan qanunvericiliyi ilə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin tələbinə görə, hər bir uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır.
Vəkil bildirmişdir ki, uşağın valideynləri olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, onun ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməlidir.
Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər.
V.Həsənov bildirmişdir ki, qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.